Razim müəllim: “Humanizm və nəciblik missiyası - Mehriban Əliyevanın ömür yolu”
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirən Mehriban xanım, mərhəməti, şəfqəti və nəcibliyi ilə yalnız ölkəmizdə deyil, bütün dünyada milyonların rəğbətini qazanmışdır. Onun fəaliyyəti hər zaman insan amilinə söykənmiş, humanizm və xeyirxahlıq prinsipləri ilə zəngin olmuşdur.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, xalqın sosial rifahının yüksəldilməsinə, təhsil və səhiyyə sahələrinin inkişafına mühüm töhfələr vermişdir. Onun təşəbbüsləri nəticəsində ölkənin müxtəlif bölgələrində məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman kompleksləri inşa edilmiş, gənclərin savadlı və sağlam böyüməsi üçün geniş imkanlar yaradılmışdır.
Xüsusilə qeyd edilməlidir ki, şəhid ailələri, qazilər, müharibə veteranları və məcburi köçkünlər hər zaman Mehriban xanımın diqqət mərkəzində olmuşdur. Onun göstərdiyi mənəvi və sosial dəstək minlərlə insanın həyatına ümid, güvən və sevinc bəxş etmişdir. Vətən müharibəsi dövründə isə Mehriban Əliyevanın xalqımızı milli həmrəyliyə çağıran müraciətləri, Ordumuza və qazilərimizə verdiyi mənəvi dayaq hər kəsin yaddaşında dərin iz buraxmışdır.
Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu artıq 21 ildən çoxdur ki, təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya və sosial rifah sahələrində yüzlərlə uğurlu layihə həyata keçirmişdir. Bu layihələr təkcə Azərbaycanın inkişafına deyil, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət etmişdir. Fondun təşəbbüsü ilə qədim abidələr bərpa olunmuş, milli-mədəni irsimiz dünyada tanıdılmış, Azərbaycanın zəngin mədəniyyəti UNESCO platformasında təbliğ edilmişdir.
Mehriban xanım həm də qadın siyasətçisi, incə zövqə malik ziyalı və müasir lider obrazı ilə seçilir. O, Azərbaycan qadınının dünyadakı simasını yeni səviyyəyə yüksəldərək, humanizm, mərhəmət və intellektual gücün vəhdətini nümayiş etdirir. Mehriban Əliyevanın fəaliyyəti yalnız bu gün üçün deyil, həm də gələcək nəsillər üçün nümunədir.
Bu gün biz Mehriban Əliyevanın insanlığa verdiyi töhfələri, yüksək ictimai-siyasi fəaliyyəti və Vətən qarşısındakı xidmətlərini dərin minnətdarlıqla dəyərləndiririk. Onun ömür yolu hər zaman insanlara xidmət, vətənə sədaqət və xalqa bağlılıqla zəngindir.
Ad günün mübarək, Mehriban xanım! Siz Azərbaycan xalqının qəlbində əbədi sevgi, hörmət və ehtiramla yaşayırsınız. Sizin xeyirxah missiyanız, humanist fəaliyyətiniz və nəcib ömür yolunuz gələcək nəsillərə örnək olacaqdır.
3-09-2025, 22:27
|






